Kimlərə lazım ola bilər
Lyon Konsensusu 2.0 (2023) əsasında:
- Reflüks diaqnozu endoskopiya ilə sübut olunmayıbsa və antireflüks əməliyyatı və ya endoskopik müalicə planlaşdırılırsa. Endoskopiya ilə sübut dedikdə ağır ezofagit, Barrett ezofaqusu və ya peptik darlıq nəzərdə tutulur.
- Dərmana cavab verməyən və ya dərman dayandırıldıqdan sonra təkrarlanan şikayətlər
- Reflüksə bağlı ola biləcək qeyri-tipik şikayətlər: səbəbi tapılmayan xroniki öskürək, səs kəsilməsi, boğazda tikə hissi
- Mədə kiçiltmə əməliyyatından (sleeve qastrektomiya) əvvəl reflüks şikayətləri olan şəxslər. Bu barədə qərarı cərrah və qastroenteroloq birlikdə verir.
Hər reflüks şikayəti olan xəstəyə pH-metriya lazım deyil. Tipik şikayətləri olan və müalicəyə cavab verən xəstələrdə çox vaxt bu müayinəyə ehtiyac qalmır.
Necə aparılır
Kateterin yerini müəyyən etmək üçün bəzən əvvəlcə manometriya edilir. Kateter burundan salınır və kiçik qeydedici cihaza qoşulur. Xəstə 24 saat ərzində adi həyatını davam etdirir: yeyir, yatır, işləyir. Yemək vaxtlarını, uzanmağı və şikayətlərini cihazda və ya gündəlikdə qeyd edir. Növbəti gün kateter çıxarılır və nəticə həkim tərəfindən təhlil olunur. Müayinə ağrısızdır və anesteziya tələb etmir.
Simsiz kapsul pH-metriya
Kapsul endoskopiya zamanı yerləşdirilir. Burunda kateter olmadığı üçün adi gündəlik rejim daha rahat saxlanılır. Kapsul bir neçə gün sonra öz-özünə qopub təbii yolla xaric olur. Bu müddətdə MRT çəkilişinin aparılıb-aparılmaması barədə klinikanın təlimatına əməl edin.
Hazırlıq
Diaqnoz qoymaq üçün aparılan müayinədə mədə turşusunu azaldan dərmanlar adətən müəyyən müddət əvvəl dayandırılır. Bəzi hallarda müayinə dərman qəbul edilərkən aparılır. Hansı variantın sizə uyğun olduğunu həkim deyəcək.
Dr. Atayevanın təcrübəsi
- Kocaeli Universitetinin motilite laboratoriyasında impedans-pH-metriya üzrə hazırlıq keçib və bu sahədə e-posterin müəllifidir.
- HB Güvən Klinikasında həm kateterli, həm də simsiz kapsul pH-metriya aparılır.
- Həkimlər üçün təşkil olunan seminarlarda antireflüks əməliyyatından əvvəl obyektiv diaqnozun vacibliyindən danışıb.
Həkimin bu mövzuda videosu
Reflüksün dərmansız və əməliyyatsız müalicəsi
Videonu izləyinSuallar
Kateterlə gün necə keçir?
Burunda nazik kateter olur və kiçik cihaz belə və ya çiyinə asılır. Yemək, yatmaq və gəzmək mümkündür. Duş almaq olmaz.
Niyə dərmanı dayandırmalıyam?
Turşunu azaldan dərmanlar reflüksü «gizlədə» bilər. Bu halda diaqnoz üçün müayinə dərmansız aparılır.